“Şuşa”nın prezidenti Ramin Musayevdən ölkə başçısına şikayət edəcək – Müsahibə
“Şuşa” bir müddət öncə “Şuşa Qarabağ” adıyla yenidən həyata qayıtdı. Səs-küylü mətbuat konfransı keçirən klub rəhbərliyi hədəflərinin böyük olduğunu bildirdi. Deyəsən, bu klubu 1-ci divizionda görməyəcəyik. “Səbail”ə xeyir-dua verən PFL şuşalılara hələ ki, “yox” deyir. Onların təqdim etdiyi maliyyə sənədi də etibarlı sayılmayıb. Əksəriyyət bunun Ramin Musayevlə Nadir Qasımovun arasındakı ədavətdən qaynaqlandığını düşünür.
Komanda.az xəbər verir ki, məsələylə bağlı klubun prezidenti Güləli Bağırov “Futbol+”ə müsahibə verib:
– Bu yaxınlarda PFL-ə maliyyə sənədi göndərsəz də, qurum həmin sənədi etibarlı saymadı. İyulun sonuna kimi bank təminatının verilməsi şərti qoyulub. Əvvəlcə buna münasibətinizi bilmək istərdik.
– Təxminən bir ay əvvəl klubumuzun hüquqşünası PFL-dəki həmkarıyla danışıb. Qarşı tərəfdən deyilib ki, 1-ci divizionda çıxış edən klublar üçün bank təminatı tələb olunmur. Ancaq PFL-in prezidenti Ramin Musayev mənə dedi ki, bank təminatı lazımdı. Mən də dedim ki, bu tələb bütün 1-ci divizion təmsilçilərinə şamil olunursa, biz də bu sənədi təqdim edəcəyik. Yox, tələb olunmursa, biz niyə verməliyik? Qanun hamı üçün qanundu. Daha sonra PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev dedi ki, ya bank təminatı olmalı, ya da klub üçün hansısa şirkət zamin durmalıdı. Biz də həmin şirkətin zəmanət məktubunu onlara təqdim etdik. Bu, tanınmış şirkətdi. Qarşı tərəf dedi ki, bu şirkət 4 faizlə işlədiyi üçün zamin durmaq səlahiyyəti yoxdu. Növbəti dəfə həm AFFA-nın prezidenti Rövnəq Abdullayevə, həm də Ramin Musayevə məktub ünvanladıq ki, bank təminatını təqdim etmək üçün son tarixi bildirsinlər. Çünki hərə bir şey danışır. Konstitusiyanın 57-ci maddəsində deyilir ki, vətəndaşların və hüquqi şəxslərin dövlət qurumlarına müraciət etmək hüququ var və buna ən gec 1 aya cavab verilməlidi. Bizə hansısa cavab gəlmədi. Bir həftə əvvəl ikinci məktubu göndərdik. 1-ci divizionda iştirak üçün hansı sənədlərin lazım olduğunu və bu sənədləri təqdim etmənin son tarixini öyrənmək istədik. Rəsmi cavab gəlsə ki, 200-300 min bank təminatı verilməlidi, bu sənədi təqdim edəcəyik. Lazım deyilsə, hansısa şifahi sözə görə niyə bank təminatı verməliyəm? Bu qanun varsa, hamı üçün eyni olmalıdı. Niyə məhz “Şuşa Qarabağ”dan tələb olunur? Kimin kiminləsə ədavəti varsa, bunun kluba aiddiatı yoxdu. Komandanın adını yaşatmaq lazımdı. Hər şey də qanun çərçivəsində olmalıdı. Bütün divizion təmsilçilərindən bank təminatı tələb olunacaqsa, biz onu verəcəyik. Qanun hamıya şamil olunmalıdı. Qanun qarşısında boynumuz qıldan incədi. Amma yalnız “Şuşa Qarabağ”dan tələb olunursa, biz bu zəmanət sənədini verməyəcəyik. Gözəl komanda yaratmışıq. Artıq qısa müddət ərzində 20-yə yaxın yoxlama oyunu keçirmişik. Klubun idarə heyəti tərəfindən ilk dəfə türk dilli dövlətlər arasında “Şuşa kuboku” uğrunda yarışın keçirilməsi haqda qərar qəbul olunub. U-13, U-14, U-15, U-16 və U-17 komandalarını yaratmışıq. Hazırda 100-dən çox futbolçumuz var. Qısası, əsas komandamız da, “alt yapı”mız da hazırdı. Qəzet vasitəsiylə cavab vermək lazım deyil. Hər şey yazılı sənədlərlə tənzimlənməlidi. Biz bu məsələni tez həll etmək istəyirik. Çünki bu durum futbolçularımıza da mənəvi-psixoloji cəhətdən mənfi təsir göstərir. Əslində, rəsmi müraciətə 1 ay ərzində cavab verməyənlər qanun qarşısında məsuliyyət daşıyır. Vaxtı uzadıb, sona 1 gün qalmış cavab verəndə sənədləri təqdim edə bilməyəcəyik.
– Bəlkə bu problemi həll etmək üçün özünüz birbaşa Ramin Musayevin görüşünə gedəsiz?
– Onunla bir ay əvvəl görüşmüşəm. “Qarabağ”ın oyunu zamanı Rövnəq müəllim, Ramin müəllim və mən hardasa 5 dəqiqə söhbət etdik. Musayevi yenidən PFL prezidenti seçilməsi münasibətiylə təbrik etdim və məktubumuza rəsmi cavab vermələrini xahiş etdim. Rəsmi cavab verə bilmirlər, çünki nizamnamədə belə bir şey yoxdu. Ona görə də şifahi xəbər göndərirlər. Kiminləsə ədavətə görə klub niyə qurban getməlidi? Ehtiyac olsa, ölkə başçısına şikayət edəcəm.
– “Energetik” və “Göyəzən” kimi klublar maliyyə durumu ən ağır olanlar sırasındadı. Ancaq PFL-dən deyirlər ki, onlar heç vaxt mövsümü yarımçıq tərk etməyib. Bir çox hallarda yeni yaranan klublar yarıyolda qalır. Bu üzdən bank təminatını debütantlardan istədiklərini söyləyirlər.
– “Şuşa”nın əsası 2009-cu ildə qoyulub. Heç vaxt bu klubdan zəmanət məktubu istənməyib. İndi bizim qarşımızda şərt qoyurlar. Klubdan heç kimi kiminsə güdazına vermərəm. Mənim xarakterim belədi. Qanun nəyi tələb edirsə, onu da edəcəyik. Əks halda, Məmmədin, Əlinin, Vəlinin sözüylə iş görən adam deyiləm.
– Belə başa düşdük ki, Ramin Musayevə görə Nadir Qasımovu postundan azad etməzsiz.
– Nadir müəllimin başının tükünü belə əksik etmərəm. Burda fərdlər ön plana çıxmır. Hər şeydən öndə olan “Şuşa Qarabağ”ın yaşamasıdı. Məsləhət olsa, özüm də klubdan ayrılaram. Mən hüquqşünasam, ailəmi dolandıra bilərəm. Amma bura gəlmişəm ki, “Şuşa Qarabağ”ın adını yaşadaq. Ramin müəllim özü mənlə görüşəndə dedi ki, bu erməni qurumsaqlar “Şuşa” adında komanda yaradıblar. Elədisə, hamımız əl-ələ verib, klubumuzu yaşatmalıyıq. Bu, xalqın komandası olmalıdı. Şəxsi prinsipi olanlar məsələni öz aralarında həll etsin. Klubda 40-a yaxın adam işləyir, ailələrinə çörəkpulu aparırlar. Bizim əziyyətimiz niyə batmalıdı ki?! Klubda süpürgəçi işləməyə də hazıram. Təki “Şuşa Qarabağ” yaşasın.
– İntiqam Zeynalov klubun xarici əlaqələr üzrə icraçı direktorudu. 1-ci divizionda çıxış etməyə hazırlaşan klub üçün bu vəzifə nə dərəcədə prioritetdi?
– Bizim böyük planlarımız var. Ölkə futbolunda yenilik etmək istəyirik. Gələn il mayın 28-də bayaq qeyd etdiyim “Şuşa kuboku”nu keçirmək istəyirik. Türkdilli ölkələrin çempionlarını bura dəvət edəcəyik. Hər il hansı komanda çempion olsa, növbəti analoji yarış həmin komandanın yerində keçirilsin. Bu, ənənəvi yarış olsun. Bəzi şəxslərlə şifahi danışmışam. Hamı bu turnirin keçirilməsini istəyir. Qoy hamı görsün ki, Şuşa həqiqətən Azərbaycanındı. 10-15 gündən sonra Nigeriyadan bir komanda bura gələcək və onlarla yoldaşlıq oyunu keçirəcəyik. Bizim belə planlarımız var. Vətənimiz, millətimiz üçün iş görmək istəyirik. Ancaq hansısa məmurun qadağasıyla üzləşirik. Bu addımı başa düşmürəm. Vətən, millət söhbəti ortaya gələndə şəxsi münasibətlər, prinsiplər kənara qoyulmalıdı. Bürokratik əngəlləri başa düşə bilmirəm.
– Keçirdiyiniz mətbuat konfransında Aqil Abbas kluba maliyyə yardımı etməyə hazır olduğunu söyləmişdi. Flora Kərimova isə konsert keçirib, ordan gələn gəliri “Şuşa Qarabağ”a verə biləcəyini demişdi. Bu tip maddi yardımlar edilib, yoxsa vədlər elə söz olaraq qalıb?
– Bizim maddi problemimiz yoxdu. Sabah mənə rəsmi şəkildə bildirilsə ki, 1 milyonluq bank təminatı verməlisiz, bunu həll edəcəm. Amma yetər ki, hər şey rəsmi qaydalar çərçivəsində olsun. PFL-də o qədər adam işləyir. Bir məktuba cavab vermək nə çətin işdi? Görünür, bunların məqsədi başqadı. Artıq mən belə düşünməyə başlayıram.
– “Şuşa Qarabağ”ın yenidən “Şuşa” olacağı deyilir. Söz-söhbətdi, ya həqiqət?
– Komandanın adı “Şuşa”dı. Biz dəyişiklik etmişik. Belə etdik ki, Ağdam “Qarabağ”ıyla qarışdırmasınlar. Bir-iki nəfərlə məsləhətləşib bu qərarı verdik. Ermənistanda yaradılmış “Şuşa”ya bütün erməni diasporu maddi yardım göstərir. Araşdırma apardım. Mənə dedilər ki, onların hesabında 29 milyon avroya yaxın pul var. Bir ermənilərin diqqətinə baxın, bir də burdakı bürokratik əngəllərə. Ramin Musayevə böyük hörmətimiz var. Ancaq şəxsi intriqanı kənara qoymaq lazımdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir